Hassan Hami

“Azərbaycan mənim üçün unudulmaz ölkədir” – Hassan Hami

Deməli, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri arasında bir dostumuz vardı – mehriban insan, hər kəslə sıx ünsiyyət qurmağı bacaran, işinin ustası olan diplomat, savadlı-dünyagörüşlü ziyalı idi. Uzun müddət səfir işləyib Azərbaycanda – səhv etmirəmsə tam 7 il və 2016-cı ildə vətəninə qayıdıb. Artıq tanıyanlar bildi söhbət kimdən gedir, bu şəxs Mərakeş Krallığının Azərbaycandakı keçmiş səfiri Hassan Hamidir.

Bu günlərdə ona təklif etdim ki, gəlin keçmiş xatirələrinizə, Azərbaycandan kənarda keçən yaşamınıza nəzər salaq oxucularımızla birlikdə. Dedi son illərini oxumaqla, yazmaqla keçirir, yəni dincəlir və bu mövzuda danışacağıqsa, olar. Razılaşdım və müsahibəyə başladıq…

– Əvvəla, sizinlə yenidən ünsiyyət qurmaq çox xoş oldu mənə. İllər əvvəl ilk görüşümüzü xatırlayıram: Səfirlikdə sizə müsahibə vermək şərəfinə nail oldum. Bu günkü yaşamıma gəldikdə, Mərakeşdə yaşayıram və elə bir xüsusi məşğuliyyətim yoxdur. Vaxtımın çoxunu oxumağa və yazmağa sərf edirəm. Üç onillik diplomat kimi xidmətdən sonra normal həyata qayıtmışam…

– Azərbaycandan çoxdan getmisiniz, ondan sonra Bakıya gəldinizmi və ya Azərbaycandan kimlərləsə əlaqə saxlayırsınızmı? Ümumiyyətlə, Azərbaycanla hər hansı formada əlaqəniz qalıbmı?

– Ömrümün bir hissəsini keçirdiyim Azərbaycanı unuda bilərəmmi? Azərbaycan mənim üçün çox əziz, mehriban, optimist və istiqanlı insanları, minillik mədəniyyəti, uzaqgörən rəhbərliyi olan ölkədir. Həm də hər şeydən əvvəl, orada tanış olduğum insanların peşəkarlığını və yüksək insani keyfiyyətlərini görmüşəm. Təbii ki, mən azərbaycanlı dostlarla və hələ də Azərbaycanda yaşayan bəzi əcnəbilərlə çox yaxşı əlaqələr saxlayıram. 2016-cı ilin sentyabrında missiyam başa çatdıqdan sonra heç vaxt Azərbaycana səfər etməmişəm. Düzdür, məni Bakıya azərbaycanlı dostlar, eləcə də əziz dostum, səfir Adil Embarç dəvət edib. Yeri gəlmişkən, fürsətdən istifadə edərək onu iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü əlamətdar işlərə görə təbrik edirəm. Vaxt tapa bilmədiyim üçün səfərə çıxa bilmədim. Ancaq bu, yalnız bir təxirəsalınmadır, ilk fürsətdə Azərbaycana gələcəm.

– Azərbaycanla bağlı hansı xatirələriniz var, maraqlı olanlardan bir neçəsini bölüşün lütfən…

– Yalnız əla xatirələrim var. Birincisi, 2009-cu ilin martında Mərakeş Krallığının Azərbaycana ilk daimi səfiri kimi gəlişim Novruz şənliklərinə təsadüf edir. Mən sözün əsl mənasında heyran qalmışdım. Azərbaycan mədəniyyətinin korifeyləri ilə görüş məni çox sevindirdi. Həmin yaşayan əfsanələr öz bilikləri ilə yanaşı, təvazökarlığı ilə də seçilirlər. Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın sayəsində müstəsna bədii fəaliyyətlərə ev sahibliyi edən bu mədəniyyət ocağını ziyarət etmişəm. Xəyyam Abdinov, Əminə Məlikova, eləcə də, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Muğam Mərkəzinin direktoru, böyük pianoçu Murad Hüseynov və sairlə yaxın dostluğumuz olub. Möhtəşəm bir dünya olan Muğam festivalını, Qəbələdəki mədəniyyət tədbirlərini necə unuda bilərəm? Kulturologiya üzrə tədqiqatların təbliğatçısı, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovu çox yaxşı xatırlayıram.

– Mərakeşdə vəziyyət necədir, orda insanların yaşam tərzi şəxsən məni çox maraqlandırır. Lütfən ölkələrimizin insanlarının yaşam tərzlərini müqayisə edin, bizdə təəssürat yaradın… Məsələn, bilirik ki, Mərakeşdə havalar Azərbaycanla müqayisədə daha istidir və ərazisində səhralar var, hansı ki bizdə yoxdur…

– Azərbaycan və Mərakeşin insanları açıqfikirli, dünyagörüşlüdür. Təbii şəraitə gəlincə, coğrafiyamız fərqlidir. Naxçıvanda müəyyən yerlər görmüşəm ki, Mərakeşin təbiətinə çox bənzəyir. Xüsusən Meknes şəhərindən cənubda qalan bölgələrə. Ölkəmizin qalan bütün əraziləri fərqlidir. Ölkələrimiz arasında bir qəribə bənzərlik isə xalqlarımızın istifadə etdiyi texniki qaydalardır. Ölkəmizdə istifadə olunan bu texniki qaydalar – quraq ərazilərdə su itkisini azaltmaq və təbiətin mühafizəsində istifadə edilən üsullar böyük uğur qazanıb. İqlim baxımından, ümumiyyətlə, hər iki ölkədə dörd fəsil yaşanır. Mərakeşin Aralıq dənizi və Atlantik okeanında 3500 kilometr sahil xətti var. Ölkəmiz əsasən dağlıq relyefə malikdir. Ənənəvi kənd təsərrüfatı yaxşı inkişaf edib. Bu gün Mərakeşdə müxtəlif mədəniyyətlər mövcuddur – Amazighlər (Bədəvilər), ərəblər, səhralılar, İbranilər, Afrika və Aralıq dənizi mənşəli digərləri. Mərakeş yaxşı inkişaf etmiş turizm ölkəsidir. Bununla yanaşı, illərdir ki, Krallıq bir neçə müstəvidə, xüsusən də sənaye sahələrində çox böyük uğurlar qazanıb. Düşünürəm ki, Mərakeşlə Azərbaycan bir çox sahədə əlaqələrini gücləndirə bilərlər. Qısası, birlikdə görüləsi çox şey var və təbii ki, bunun sirri qarşılıqlı hörmət və minnətdarlıqdadır.

– Çoxdan Avropa ölkələrindən birinin keçmiş səfiri ilə müsahibə edərkən, o dedi ki, bütün xatirələrini toplayaraq iki cildlik kitab yazıb. Həmin kitabda Azərbaycana da 100 səhifə yer ayırıb. Siz necə, kitab yazmaq istəmirsiniz?

– Həyatımın önəmli hissəsini Azərbaycanda keçirmişəm və bu mənim üçün böyük şərəfdir. Bildiyiniz kimi, mən həm də şair və yazıçıyam. Kitablarımın böyük hissəsini Azərbaycanda yazıb, çap etmişəm. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbəsində işıq üzü görən “Xəzərin nəğmələri” adlı kitabımda Azərbaycan dilinə tərcümə edilmiş şeirlər toplanıb, “Qanun” Nəsriyyatı isə ingilis dilində üç əsərimi çap edib. Bu kitabların üz qabığının tərtibatını azərbaycanlı rəssamlar Afət Axundzadə və Cəmilə Həşimova işləyiblər. “The Observer” tərəfindən ingilis dilində iki qısa hekayəm dərc olunub. Bunlar Qız qalasından ilhamlanan “The Scent of Incoherence” (“Uyğunsuzluğun ətri”) və atası xaricdə olan balaca azərbaycanlı, amma çox ağıllı bir qizdan bəhs edilən “Gulsum’s Twisting Twilight” (“Gülsümün bükülən alatoranlığı”) adlı hekayələrdir. Onlar Dövlət Tərcümə Mərkəzinin jurnalında da dərc ediliblər. Eləcə də, UNESCO-nun himayəsi altında Ümumdünya Fəlsəfə Gününün qeyd edilməsi ilə bağlı Azərbaycan Elmlər Akademiyasının, xüsusən də Şərqşünaslıq İnstitutunun təşkil etdiyi konfranslar silsiləsində iştirak etmişəm və indi də iştirak edirəm. Məni bu möcüzəli fəlsəfə və bilik dünyası ilə davamlı şəkildə tanış etdiklərinə görə professorlar İlham Məmməzadəyə və Zöhrə Əliyevaya çox minnətdaram. Azərbaycan və rus dillərinə tərcümə olunmuş məqalələrim bu hadisəyə həsr edilmiş nəşrlərdə dərc olunur. Gördüyünüz kimi, Azərbaycan mənim romantik və intellektual yaradıcılığım üçün böyük ilham mənbəyi olub. İki il əvvəl ərəb dilində çap etdirdiyim şeirlər toplusunda da bu ilhamdan yararlanmışam.

– Ümumiyyətlə, fəaliyyətiniz dövründə hansı ölkələrdə çalışmısınız və onlardan hansı sizə daha yaddaqalan olub?

– Dörd qitədə – Afrika, Avropa, Asiya və Şimali Amerikada yerləşən bir çox ölkədə işləmişəm. Hər ölkə məni özünəməxsus şəkildə qəbul edib və yaddaşımda yer tutub. Məncə hər şey düçüncə tərzindədir. Lakin, şəxsiyyətlərarası münasibətlər qiymətləndirmə və mühakimə barometri olaraq qalır. Açıq cəmiyyətlər özünəinamlı olur və başqaları ilə rəqabət aparmaqdan çəkinmirlər. Belə cəmiyyətlər xariciləri assimilyasiya üçün deyil, inteqrasiya etmək məqsədilə qəbul edir. Bu baxımdan inanın ki, Azərbaycan mənim üçün unudulmaz ölkə olaraq qalır.

– Yaxın gələcəkdə Azərbaycana səfər etmək fikriniz var? Əgər gəlsəydiniz ilk işiniz nə olardı: haralara baş çəkərdiniz, kimlərlə görüşərdiniz?

– Tezliklə ziyarət etməyi planlaşdırıram. İnşallah, əminəm ki, Covid-19 pandemiyası tezliklə pis xatirəyə çevriləcək. Gəlsəm, uzun bir dost siyahım var. Ola bilsin, hansısa mədəniyyət və ya incəsənət fəaliyyəti ilə bağlı gəlim Azərbaycana. Qısamüddətli tədqiqat layihəsinin bir hissəsi kimi qalmaq istərdim orda. Axı niyə də yox, müxtəlif regionlarda qeydə alınan inkişaf haqqında öyrənmək və əziz dostlarımı ziyarət etmək istəyirəm.

– Yeri gəlmişkən, sizdən sonra Azərbaycanda xeyli dəyişiklik olub – torpaqlarımız işğaldan azad edilib. Yeriniz məlum, Bakıdakı xarici diplomatlar da azad olunmuş torpaqlara səfərlər ediblər. O cümlədən, Mərakeşin ölkəmizdəki səfiri də hər zamankı kimi, ölkəmizə və xalqımıza dəstək olaraq o yerlərə baş çəkib. Maraqlıdır, illərlə Azərbaycanda çalışmış diplomat olaraq, Azərbaycana səfər etsəydiniz, azad olunmuş o gözəl məkanlara gedərdiniz?

– Azərbaycan mənim üçün böyük əhəmiyyətə malik ölkədir. Onun ərazi bütövlüyünün tamamlanması çox yaxşı xəbərdir. Yenidən qurulmuş şəhərləri ziyarət etmək isə mənim üçün böyük bir kəşf olacaq. Əminəm ki, açılan tikinti sahələri təkcə bərpa olunan əraziləri deyil, bütün Azərbaycanı daha da dəyişdirəcək. Azərbaycan xalqı kimi mərd xalq buna həqiqətən layiqdir…

Oxunma sayı 3225

Source : https://hafta.az/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Share :

Latest Posts

0:00
0:00